Eldar Namazov: `Qarabağ problemi 3 məsələdə ilişib`
By Ələkbər Raufoğlu Vaşinqton 17/11/2008
Qarabağ danışıqlarının son bir ildə haqqında çox bəhs olunan Madrid
prinsipləri üzə çıxıb. İndiyədək nə Azərbaycanda, nə də Ermənistanda
ictimaiyyətə açıqlanmamış bu prinsiplərin mətnini erməni mətbuatı qeyri-diplomatik
mənbəyə istinadən yayıb.
Madrid sənədi olduğu iddia edilən bu layihədə münaqişə tərəflərilə yanaşı,
ATƏT-in Minsk Qrupu və Avropa Birliyinin də üzərinə bir sıra öhdəliklər
qoyulur.
Eldar Namazov
Sənəd konkret olaraq,
təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət
verilməsi, erməni silahlı qüvvələrinin Kəlbəcər və Laçın üçün xüsusi şərtlər
olmaqla, Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması,
deportasiya olunmuş əhalinin qayıtması, Dağlıq Qarabağın yekun statusunun sonda
səsvermə ilə müəyyənləşdirilməsi; buna qədər müvəqqəti statusun təyin edilməsi
və digər öhdəlikləri nəzərdə tutur. Layihədə habelə yekun konsensus alınmayanda,
razılaşdırılması mümkün olanı razılaşdırmaq və mübahisəli bəndləri dəqiqliklə
göstərmək tövsiyə olunur.
İki həftə əvvəl Moskvada
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında imzalanmış bəyannamədə də
anışıqların Madrid prinsipləri üzərində sona çatdırılması zəruri sayılır.
Vaxtı ilə Qarabağ
danışıqlarının yaxından iştirakçısı olmuş Prezident Katibliyinin sabiq rəhbəri,
hazırda “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov Amerikanın
səsinə müsahibəsində Madrid sənədini və bütövlükdə nizamlama prosesinin son
durumunu təhlil edib:
Sual:Mətbuatda dərc edilən Madrid sənədi
həqiqidirmi? Əgər belədirsə o, əvvəlkilərdən nə ilə fərqlənir və Azərbaycan
üçün hansı müsbət və ziddiyyətli tərəfləri var?
Cavab: Fikir
versək, mətbuatda açıqlanan sənəd bir neçə hissədən ibarətdir. Yalnız birinci
hissədə Madrid prinsiplərinin arasından ən vacibləri öz əksini tapıb. Ondan
sonrakı bölmələrdə isə daha çox Avropa Birliyinin bü məsələyə münasibəti,
atılmalı addımlar və sair. bəhs olunur. Yəni orada birbaşa Minsk Qrupunun
mandatına aid olmayan məsələlər var. Məndə olan məlumata görə,Madrid prinsipləri təxminən 10-a yaxındır. Bu
sənəddə isə yalnız 5-6 prinsip öz əksini tapıb.
Sual:
Yəni siz dərc olunan sənədin etibarlılığına şübhə edirsiniz?
Cavab: Əslində
bu sənədin məzmunundan hiss olunur ki, o hansısa Avropa İnstitutlarının birində
hazırlanaraq ortaya atılıb. Yəqin ki, məqsəd ictimai rəyi öyrənib, onu nəyəsə
hazırlamaqdır. Məncə bu, planlaşdırılmış aksiyadır.
Sual:
Bəs bu məzmunda sənəd Azərbaycan ictimaiyyəti üçün qəbul olunandırmı?
Cavab:
Açığını deyim, bundan da ətraflı sənədlər olub. 2 il bundan öncə Minsk Qrupunun
həmsədrləri Vyanada daha geniş bir bəyanat hazırlayaraq, orada əsas prinsipləri
əks etdirdilər və sənəd internet vasitəsilə yayıldı. Amma o dövrdə nə
Azərbaycan, nə də Ermənistan hakimiyyəti bu məsələlərin ictimaiyyətin
müzakirəsinə çıxarılmasında maraqlı deyildi, ona görə də geniş müzakirə
aparılmadı. Prinsipial olaraq, artıq
aydındır ki, ən ciddi problemlər Qarabağın ətrafında işğal olunmuş rayonların
boşaldılması, Kəlbəcərlə Laçının xüsusi statusu və referendum məsələsidir. Problem
bu üç məsələ ətrafında ilişib və illər boyu bir razılığa gəlmək mümkün olmayıb,
bu gün də vəziyyət elədir. Danışıqlar illərdir ki, olduğu yerdə qalıb.
Sual:
Maraqlıdır ki, son zamanlar həm yazılı, həm də şifahi bəyanatlarda Azərbaycanla
Ermənistan, öz aralarında konsensul əldə etməyənə qədər, razılaşdırılması
mümkün olanı razılaşdırmağa çağırılır. Habelə beynəlxalq zəmanətin
gücləndirilməsi zəruri sayılır...
Cavab:
Gəlin bu məsələləri dəqiqləşdirək. Belə fikirlər səslənir ki, razılaşdırılmayan
mnəsələlər qalsın sonraya. Bu, əslində mərhələli plana bir işarədir və orada
Azərbaycan üçün bir təhlükə yoxdur. İkinci məsələ isə bizim üçün təhlükəlidir.
Azərbaycan razılıq verib ki, sülh sazişi imzalanandan sonra onun ərazisində
beynəlxalq sülhməramlılar yerləşdirilsin. Bu, bizim tərəfimizdən çox böyük
güzəştdir və ölkə ərazisində xarici dövlətlərin kontingentinin yerləşdirilməsi
deməkdir. Ancaq sülhməramlı qüvvələrin statusu, mandatı, onların hansı ölkələri
təmsil edəcəkləri olduqca vacibdir. Bu məsələlərdə Azərbaycan diplomatları çox
diqqətli olmalıdırlar. Çünki bu bizim milli təhlükəsizliyimizə hədədir və onu
nəzərə almalıyıq.