Mark Almond: `Azərbaycanla Ermənistan mövqelərini aydın bildirsinlər`
By Ələkbər Raufoğlu Vaşinqton 19/11/2008
Dağlıq
Qarabağ münaqişəsi ətrafında son həftələrdə cərəyan edən diplomatik fəallıq
Qərb institutlarının diqqətini nizamlama prosesinə cəmləşdirib. Münaqişə
tərəfləri və vasitəçilər qarşıdakı aylarda da bir sıra yüksək səviyyəli
görüşlərə hazırlaşırlar. Bir sıra Qərb təhlilçilərinə görə isə, əslində indi
baş verənlər sülh prosesində reallıqdan uzaq təəssürat yaradıb.
Mark Almord
Londonda yerləşən Oxford Universitetinin professoru Mark Almond Qarabağ
nizamlaması ətrafında son vəziyyəti Amerikanın səsinə şərh edib.
Qafqaz üzrə mütəxəssis Mark Almond müsahibəsində deyib ki, hazırda Qarabağ
nizamlaması ətrafında cərəyan edən proseslərə Azərbaycan və Ermənistana
verilmiş bir sınaq dövrü kimi baxılmalıdır. Yəni indi bəlli olacaq ki, bu
ölkələrin liderləri doğrudan sülh istəyirlər, yoxsa sülh danışıqları arxasında
gizlənirlər:
"Problem ondan ibarətdir ki, son razılaşma əldə olunmayana qədər
hadisələr istənilən istiqamət ala bilər. Yerlərdə praktiki məsələlərinin həlli
ilə bağlı belə təhlükə mövcuddur. Buna görə də, ekspert deyir ki, indi müxtəlif
istiqamətlərdən – Rusiyadan, Türkiyədən və hətta İrandan gələn sülh təklifləri
əslində proses ətrafında beynəlxalq çəkişmələrin bariz sübutudur".
Mark Almond deyir ki, aydın görünür ki, Gürcüstandakı
müharibədən sonra Qarabağ münaqişəsi ətrafında kontekst dəyişib. Xüsusən də
Türkiyənin son addımları bölgədəki mühiti dəyişib. Amma onun fikrincə,
problem budur ki, Ankara məhz Gürcüstan olayları nəticəsində verdiyi iqtisadi
itkilərə görə, yeni sülh təşəbbüsü ilə çıxış edib. Bölgədə tərəflərin
maraqlarını tutuşdurmaq isə olduqca çətin bir məsələdir. Belə ki, məsələn,
Türkiyə ilə sərhədlərin açılması Ermənistanı qane edə bilər, amma Dağlıq
Qarabağda buna fərqli münasibət bəslənilir. Bakıda Ankara ilə Yerevanın
yaxınlaşması birmənalı qarşılanmayıb. Tərəflər kəskin qaçqın problemini çözə
bilməyiblər. Bu kimi praktiki məsələlər əngələ çevrilib. Hərçənd ki,
danışıqların özündə irəliləyiş nəzərə çarpır:
“İndi Rusiya da İlham Əliyevlə
Serj Sarkisyana nizamlama ilə bağlı bəyanat imzalatdırıb. Sizcə, bu, Qarabağ
danışıqlarında yeni mərhələ sayıla bilərmi» sualımıza Mark Almondun
cavabı belə oldu ki, bunu demək bir qədər tezdir, çünki hər iki
cəmiyyətdə mümkün güzəştlərə güclü müqavimət var. Onun fikrincə, bu, elə bir
mərhələdir ki, danışıqlar prosesi qəfildən real bir prosesə çevrilib.
Buna görə də səmimi olmaq mərhələsi gəlib çatıb – tərəflər aydın mövqe
bildirməlidilər ki, doğrudan da sülhün əldə olunmasını istəyirlər, yoxsa onlar
status-kvo vəziyyətində özlərini daha rahat hiss edirlər».
Mark
Almond deyir ki, indi Azərbaycan öz davranışları ilə vasitəçilər arasında seçim
etmək istəmədiyini göstərir. Bu əslində düz yoldur çünki məsələn, Rusiyanın
Azərbaycan və Ermənistana olan münasibəti Gürcüstana olan münasibətindən
fərqlidir. Gürcüstandan fərqli olaraq Azərbaycan və Ermənistan balanslı xarici
siyasət yürüdürlər, həm Rusiya ilə normal əlaqələri var, həm də Qərblə
əməkdaşlıq edirlər. Buna görə də onun fikrincə, indi Moskvada münaqişənin
həllini istəyənlər istəməyənlərdən daha çoxdur.
Ekspert
deyir ki, həmişəki kimi, indi də hər iki tərəfdə güzəştə getmək asan
deyil. “Sizcə indiki vəziyyətdə problemin çözümünü tapmaq mümkündürmü”
sualına cavabda Mark Almond vurguladı ki, “istənilən halda Qərblə Rusiyanın
münasibətləri Qarabağ problemi kölgəsində qalır. Qarabağ məsələsi Qafqazda
sabitlik baxımından daha təhlükəlidir. Siyasi dairələr və liderlər son zamanlar
bu mövzu ətrafında qızğın mübahisələrə qatılıblar. Beynəlxalq səviyyədə
tərəflər razılığa gəlsələr də, bu razılığı əhaliyə təqdim etmək müşkül görünə
bilər. Xüsuslə də Ermənistanda. Burada razılıq nüfuzlu Ermənistan və Qarabağ
elitaları tərəfindən qəbul edilməlidir.
«Bütün
bunlara baxmayaraq, diplomatik təmaslara son qoyulmamalıdır. Çünki hər kəs başa
düşür ki, münaqişə sənin düşündüyündən fərqli şəkildə yaranır. Hamı anlayır ki,
Cənubi Osetiya münaqişəsi Qarabağda mümkün münaqişədən daha kiçikdir. Bu, sanki
hərbi yoldan danışanları ayıltdı», - deyə ekspert vurğulayıb.