İlqar Məmmədov: `Amerikanın səsi Rəsulzadənin səsini saxlayan yeganə radiodur`
By Ələkbər Raufoğlu Vaşinqton 20/11/2008
“Amerikanın səsi və Azadlıq radioları Azərbaycanda söz azadlığının
son qalalarıdır. Bu qalalar hazırda mühasirəyə
alınıb”. Bu sözləri Bakı Siyasi Təsir və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar
Məmmədov Amerikanın səsi radiosunda keçirilən dəyirmi masada səsləndirib. Cənab
Məmmədov deyib ki, radiostansiyaların yayımı dayandırılsa, o zaman Amerika-Azərbaycan
münasibətləri korlanacaq. Onun fikrincə, “son hadisələr göstərir ki, Azərbaycan
Qərblə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə qaldırmaq istəmir”.
İlqar Məmmədov
İlqar Məmmədov onu da vurğulayıb ki, radioların Azərbaycanda milli tezliklərlə yayımının əngəllənməsinə təkcə
hüquqi müstəvidə yanaşmaq olmaz: “Məsələnin mənəvi tərəfi də var. Amerikanın səsi
1950-ci illərdə Məmməd Əmin Rəsulzadənin səsini yazıb bu günə qədər saxlamış
yeganə radiostansiyadır. Bu radionun Azərbaycanın milli dalğasında səsini kəsmək
Azərbaycanın tarixinə ədalətsiz münasibətdir”.
Politoloq habelə bildirib ki, beynəlxalq ictimaiyyət Qərb
radiostansiyalarının yayımı ilə bağlı məsələdə geriləsə, 2009-cu ildən ölkədə
ağlagəlməz repressiyalar başlaya bilər. Onun fikrincə, Azərbaycan rəsmilərinin
radioların yayımını Avropa standartlarına uyğunlaşdırmaq zərurətindən bəhs etməsi
düzgün yanaşma deyil, belə ki, ölkədə heç bir sahə Avropa standartlarına cavab
vermir.
Dəyirmi masanın digər qonağı, Azərbaycanın hakim partiyasının rəsmi mətbu
orqanı olan Yeni
Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə
bildirib ki, Qərb radiostansiyalarının ölkədə yayımının dayandırılması məsələsi
həddindən artıq siyasiləşib, halbuki, onun fikrincə, bu, texniki prosedurla əlaqərardır.
Belə ki, söhbət radioların ölkə ərazisində yayımının kəsilməsindən yox, onu
başqa formaya keçirməkdən gedir.
Verilişə Bakıdan qoşulan dinləyici Elşən Balaxanlı isə radioların və
eləcə də Amerikanın səsinin AZTV kanalında yayınlanan televiziya proqramlarının
dayandırılması ehtimalı ilə, Azərbaycanda alternativ xəbər mənbələrinə çıxışın tamamilə
məhdudlaşacağını bildirib. Dinləyici sual edib ki, əgər qanun bu radiostansiyaların
verilişlərinin yayımına imkan vermirsə, onu
niyə dəyişmirlər?
Dəyirmi masa söhbətini tam formada yuxarıdakı səsli faylda dinləyə
bilərsiniz.