Qərb dairələrinin radioların yayımı ilə bağlı problemə münasibəti
By Ələkbər Raufoğlu Vaşinqton 20/11/2008
ABŞ Dövlət Departamenti Azərbaycan hökümətinin
ölkədə xarici radiostansiyaların yayımının dayandırılması planından
narazılığını son həftədə bir neçə dəfə şifahi və yazılı formada ortaya qoyub.
Vaşinqtonda ilk növbədə xatırladırlar
ki, 2006-cı ilin noyabrında Azərbaycan hökuməti Beynəlxalq Yayım Şurasının tərəfdaş
sirkəti olan ANS-i bağlamaqla bu şirkətin tezliklərindən istifadə edən Azadlıq
Radiosu və Amerikanın səsinin yerli televiziya və radio proqramlarının
yayımlarına son qoymuşdu.
İndi geri alinmaq təhlükəsi altında olan
radio lisenziyası və eləcə də televiziya proqramı məhz o zaman kompromis təklif
kimi irəli sürülmüşdü.
O vaxtdan Azadliq radiosu və Amerikanin
səsi ölkə içində kifayət qədər böyük auditoriya toplamağa nail olublar.
Bunu əsas gətirərək, ABŞ Dövlət
Departamenti Azərbaycanda radiostansiyalarının yayımının dayandırılması ilə
bağlı planlardan məyusluğunu bildirib.
Departamentin nümayəndəsi Robert Vud yaydığı
bəyanatında vurğulayıb ki, Vaşinqon bu radiostansiyaların Azərbaycanda demokratikləşmənin
inkişafına bir çox yeniliklər gətirdiyinə inanır və vəziyyəti aydınlaşdırmaq eləcə
də həll etmək üçün üçün Azərbaycanla dialoq axtarır.
Bu
həftə Bakıda olmuş dövlət katibinin Demokratiya, İnsan Haqları Məsələləri üzrə Köməkçisi
Devid Kremer hesab edir ki, Azərbaycan
hakimiyyəti qərbin üç radiostansiyasının yayımının ilin sonunadək
dayandırılmasına dair qərarı təkrar nəzərdən keçirəcək.
O deyib ki, ABŞ Azərbaycanın
qanunvericiliyinə hörmətlə yanaşır, eyni zamanda həmin KİV-in nüfuzunun nəzərə
alınmasının vacib olduğunu hesab edir.
Birləşmiş
Ştatların Bakıdakı səfiri Enn Dersi də ümid edir ki, bir tərəfdaş kimi Bakı ilə
Vaşinqton radiostansiyalarının yayımı ilə bağlı məsələnin həlli yolunu tapacaqlar.
Onun sözlərinə görə, radioların yayımı Amerikanın Azərbaycanla münasibətlərinin
bir hissəsidir.
Səfir beynəlxalq
radioların fəaliyyətlərini davam etdirməsi
ilə bağlı Azərbaycan vətəndaşlarından xahişlər daxil olduğunu bildirib.
Amerika rəsmiləri
inanırlar ki, KİV-in inkişafı üçün beynəlxalq radioların yayımının önəmi dərk
ediləcək və onlar bu sahəyə böyük töhfə verəcəklər.
Dövlət
Departamenti habelə vurğulayır ki, mövcud
problemlərin bu radiostansiyaların rəhbərliyinin Azərbaycanda müvafiq
strukturlarla ikitərəfli danışıqları əsasında həll olunması ilə bağlı razılıq
əldə olunub.
Avropa Birliyi və Azərbaycan
hökumətinin xarici radiolarla bağlı planından narahatdır. Birliyin xarici
siyasət və təhlükəsizlik üzrə ali komissarının insan haqları təmsilçisi Riina
Kionka bəyanat yayaraq, məsələnin həllinə ümidvar olduğunu bildirib.Kionka deyib ki, bu istiqamətdə
inkişaf Azərbaycanın özünün də marağında olmalıdır.